Giriş

پی دی اف دانلوود کنید
همچنین در دسترس: English فارسی کوردی

Birləşmiş Millətlər Təşkilatının rolu, onun bəyannamələri və prosedurları İran İnsan Haqlarına Nəzarət (İİHN) təşkilatı çərçivəsində qurulduğu 2010-cu ildən bəri müzakirələrin vacib ünsürlərindən biri olmuşdur. Bununla belə, bu, BMT-nin mərkəzi mövzu olduğu ilk nəşrdir. İİHN-nin BMT-yə diqqət yönəltməsi qərarı, İranın Universal Dövrü Qiymətləndirmə (UDQ) tərəfindən yoxlamaların ikinci mərhələsi ilə üz-üzə qaldığı və sonuncu mərhələdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı ciddi tənqidlərin olduğu bir dönəmə təsadüf edir.[1] Üstəlik,BMT-nin insan haqları üzrə ali müvəkkili Zeid Ra’ad Al Hussein, öz işinə bir neçə həftə qabaq başlayıb. İordaniyalı Al Hussein bu vəzifəni yerinə yetirəcək ilk müsəlman şəxsdir və bu faktor, orta şərqdə siyasi hərəkatlar ilə bağlı təcrübəsi ilə yanaşı, onun dünyada yeganə şiə teokratiyası olan İran rəsmiləri ilə münasibətlər qurmasında da rol oynaya bilər.[2]

Bu nəşrin məqsədi xalq səviyyəsində reallıqlara təsir edən boşluğu və BMT-nin rıçaqları vasitəsilə ədalət və hüquqların təmin olunmasına çalışan çeşidli kanalları müzakirə etməkdir. İİHN-nin bu nəşrinə töhfə verənlər müxtəlif yollarla İrandakı insan haqlarında BMT-nin rolunu müzakirə edirlər. Bəziləri birbaşa olaraq İranın BMT institutları və konvensiyalarındakı rolunu qiymətləndirir. Bəziləri BMT-ni öz təhlilləri üçün mühit kimi istifadə edirlər, buna misal olaraq Hossein Rassamı göstərmək olar. O, İnsan Haqları barədə Universal Bəyannaməni İranın insan haqları sahəsində göstəricilərini sınamaq üçün bir çərçivə və mənəvi istinad nöqtəsi kimi istifadə edir.

İran İslam Respublikasının 36 il bundan öncə qurulmasından sonra, İran daha əvvəl Şah rejimi tərəfindən imzalanmış bir çox müqavilələrə[3] , məsələn “Mülki və Siyasi Haqlar Barədə Beynəlxalq Konvensiya” və “İrqi Ayrı-seçkiliyin Bütün Formalarına Qarşı Beynəlxalq Konvensiya” –ya sadiq qalmağa və eləcə də “Uşaq Hüquqları Konvensiya”-nı imzalamağa qərar verdi. Bununla belə, 1979-cu il inqilabından bəri İran İslam Respublikasının (İİR) hökumətləri, bu konvensiyaların tətbiqinin şəriət qanunlarının rejim tərəfindən şərhinə tabe tutulması barədə (birtərəfli) şərt əlavə edəcəklərini iddia ediblər. İİR-insan haqlarına qarşı yanaşmasına daha tələbkar olan, inqilab zamanı və ya inqilabdan sonra qüvvəyə minən digər konvensiyalar, məsələn “Qadınlara Qarşı Bütün Növ Ayrı-seçkiliyin Ləğvi Barədə Konvensiya” (QQBALK) İran tərəfindən imzalanmayıb.[4] Professor Ali Ansari öz yazısında bildirdiyi kimi, İran hökuməti bəzən beynəlxalq hüquq külliyatını qərbin öz mədəniyyətini yeritməsi kimi qiymətləndirir və qismən əsaslandırmaqla həmin hökumətləri yoldan azmaqda və uyğunsuzluqda günahlandırır. Bu külliyyat insan haqlarının yaranmasında, Böyük Kirdən Konstitusional İnqilaba qədər olan müddətdə qlobal insan haqlarının inkişafında İranın öz vacib rolunu, Ansarinin bildirdiyi kimi 1948-ci ildə “İnsan Haqları barədə Universal Bəyannamə”nin hazırlanmasına təsirini göz ardı edir.

BMT ilə əməkdaşlıqda İran “seç və götür” yanaşmasından istifadə edir. Xarici siyasətdəki hədəflərinə təsir edə biləcək sahələrdə, məsələn Baş Assambleyada başlıqları zəbt etmək və ya İsrailə qarşı öz müxalifliyini daha da artırmaq üçün UNESCO-nun İrqçilik Əleyhinə Beynəlxalq Konfransından istifadə edir, bununla yanaşı öz fəaliyyətini daha da ciddi nəzarət altına alacaq tədbirlərdən imtina etməklə iştirak edir. İran Maldivli keçmiş siyasətçi Dr Ahmed Şahid kimi İranda İnsan Haqları üzrə təyin olunmuş xüsusi hesabatçıların ölkəyə girməsinə icazə verməkdən dəfələrlə imtina edəndə qərb müdaxiləsinə öz ideoloji müxalifliyini nümunə göstərir və özünü qurban kimi təqdim edir. Dan Uitli öz yazısında qeyd etdiyi kimi, bu vəziyyətə az sayda istisna olaraq Bam zəlzələsindən sonra Yetərli Ev Şəraiti üzrə xüsusi hesabatçıya verilmiş icazəni göstərmək olar, bu isə Xatəminin prezidentliyi dövründə 6 səfərdən sonuncusu idi .[5] İran, bununla belə işçi səviyyəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ofisindən missiya qrupunun səfərinə, Ali Komissarın səfərindən öncə icazə verdi, amma sonuncunun səfəri hələ də baş tutmayıb. Bu dəyərləndirməyə Raha Şadanın töhfəsi İranda İnsan Haqları üzrə Xüsusi Hesabatçının rolunun tarixçəsini təsvir edir və Dr. Şahidin sələflərinin üzləşdiyi maneələr və insan haqları ilə bağlı tələblərə geo-siyasi səbəblərlə bağlı necə maneələr törədilə biləcəyini qeyd edir.

Tori Egherman-ın yazısında göründüyü kimi, insan haqları ilə bağlı İran üzrə Xüsusi Hesabatçının mandatı ilə uyğun olmamasına baxmayaraq, vətəndaş cəmiyyətləri ilə Dr. Şahidin ofisi arasında ünsiyyət get-gedə artmaqdadır, bu vəziyyət xüsusilə diaspora qrupları arasında müşahidə olunmaqdadır. “İran Tribunalı”nda prosesi və tapıntıları dəyərləndirən Pardis Şafafinin yazısında qeyd olunduğu kimi, xüsusilə Təhlükəsizlik Şurası vasitəsilə göstərilən BMT dəstəyi Beynəlxalq Cinayət Məhkəməsi kimi beynəlxalq hüquqi alətlərə çıxış əldə etmək üçün lazım olacaq. Bununla belə, beş daimi üzvdən üçünün (ABŞ, Rusia və Çin) Roma Nizamnaməsini ya imzalamamasına ya da təsdiq etməməsinə görə, Təhlükəsizlik Şurası çox böyük ehtimalla, üzv olmayan ölkəni BCM-ə və ya digər alətlərə tövsiyə etməyəcək.

İranın BMT-dəki fəallığında əsas məqam qlobal cənub ölkələri adlandırılan, Qərbin hegemoniyasına qarşı çıxan digər ölkələrlə alyanslar qurmaqdan ibarətdir. Xüsusilə Əhmədinecad zamanında, Cənubi Amerikadakı bir sıra solçu radikal hökumətlər ilə, xüsusilə prezident Üqo Çavezin rəhbərlik etdiyi Venesuela, həmçinin Afrika və Asiyadakı bir sıra hökumətlər ilə yaxınlaşmağa başladı. BMT təzyiqini İranın “daxili işlərindən” kənarda saxlamaq üçün göstərilən dəstək təkcə İranın təbii avtoritar dost ölkələrindən deyil, həmçinin koloniya tarixçəsi olan və müdaxiləyə məruz qalmış digər yeni demokratiya qurmaqda olan ölkələrdən qərbin hədə-qorxusuna kəskin etiraz formasında gəldi. Ansarinin yazısında qeyd olunduğu kimi, belə alyanslar təkcə müdafiə xarakterli deyil; onlar həmçinin 1979-cu ildə Qərbin dəstəklədiyi Şahı devirmiş və beynəlxalq aləmdə Amerika və Avropa təsirinə qarşı çıxmağı öz amalı hesab edən “inqilabçı” rejim olaraq İranın ideoloji yanaşmasına uyğun gəlir. Elahe Amani öz yazısında, BMT-nin Qadınların Statusu ilə bağlı Kommissiyasında istifadə olunan dilin üslubuna təsir etmək üçün, Komissiyada yer alan 45 BMT üzvündən biri kimi İranın digər mühafizəkar ölkələrlə necə ortaq dil tapdığına diqqəti çəkir. O həmçinin QHT-lər üzrə Komitədə də digər istibdadçı ölkələrlə yanaşı İranın da iştirakını qeyd edir.

BMT tərəfindən və digər beynəlxalq sanksiyalar vasitəsilə, həmçinin İran hökumətinin siyasi qərarları ilə bağlı olaraq İranın beynəlxalq əməkdaşlıq üçün məkanının qapandığını nəzərə alsaq, bu nəşrin (həmçinin İİHQ-nin əvvəlki nəşrlərinin) müəlliflərinin, davam etməsi mümkün olan bir sıra tədbirlər planının mənfi yan təsirlərinə diqqət çəkmələri təəssüf hissi doğurur. Teymur Aliassi-nin yazısında, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin narkotik əleyhinə proqramlarının ziyanlı yan təsirlərinin olduğu iddia olunur. O iddia edir ki, bu vəsait nəyinki qeyri-şəffaf hökumət strukturu vasitəsilə digər istifadə üçün yönləndirilə bilər, həmçinin xüsusən sərhəd bölgələrində yaşayan Kürd və digər azsaylı icmalar hədəf olmaqla, ölüm cəzasının, gizli məhkəmələrin və qanundan kənar edamların sayının artmasını asanlaşdıra bilər.

İnsan haqları standardlarına üzv ölkələrin riayət etməsinə nəzarət edən İnsan Haqları Şurasının[6] tərkibi, qərbdə yaşayan insan haqları fəallarının [7] ciddi tənqidinə açıq olmuşdur. Digər BMT orqanları kimi, üzvlük Baş Assambleya tərəfindən regional əsasda seçilir və sıralarında Səudiyyə Ərəbistanı, Çin, Rusiya, Əlcəzair, Fildişi Sahili və Qazaxıstan kimi bir sıra insan haqlarının təəssübkeşi kimi tanınmayan bir sıra ölkələr yer alır. Beləliklə, müzakirələrin, regional və qlobal siyasi çəkişmələr və rəqabət fonunda bir kənara atıldığı zamanda, İnsan Haqları Şurasında “dövlətin suverenliyi” məsələlərinə müdaxiləni məhdudlaşdırmaq istəyənlər yer alır, bunların arasında avtoritar və demokratik ölkələr var.

Yuxarıda qeyd olunan çatışmazlıqlara baxmayarq, İnsan Haqları Şurasının Dövrü Qiymətləndirməsi (UDQ) yalnız İHŞ üzvləri üçün deyil, bütün ölkələr üçün BMT Nizamnaməsi, Universal İnsan Haqları Bəyənnaməsi, ölkələrin imzaladığı konvensiyalar və digər tətbiqi mümkün beynəlxalq qanunlara necə riayət edildiyinə nəzarət etmək üçün vacib rəsmi mexanizmi təmin edir. Qlobal vətəndaş cəmiyyəti prosesə yazılı müraciətlər edə bilər və ilkin dialoqda iştirak edə bilər, amma qiymətləndirmənin özü BMT üzv ölkələri tərəfindən idarə olunur. Həsən Nayeb Haşemin məqaləsində iddia olunur ki, BMT-nin İnsan Haqları Şurası təcrübə əsasında öz işi vasitəsilə inkişaf etdikcə və QHT-lərə təsiri artdıqca onun öz iş keyfiyyəti də artıb və önünə gələn məsələlərə daha obyektiv və daha az siyasi yanaşma edə bilər.

İranın ilkin UDQ-si onun insan haqları barədə göstəricilərini 2010-cu il fevral ayında qiymətləndirdi.[8] Bu proses zamanı, UDQ-də irəli sürülən 188 tövsiyədən, İran ilkin olaraq 123 tövsiyəni qəbul etdi və daha sonra 3 daha tövsiyəni qismən qəbul etdi.[9] Buraya ABŞ və digərləri tərəfindən irəli sürülən “ İrana giriş üçün müraciət edən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və digər BMT xüsusi hesabatçılarının və ekspertlərin ölkəyə girişinə icazə verilməsi ilə bağlı təklifin təklifin qəbulu daxildir (29 – həmçinin bax 24-30). Belə bir öhdəlik açıq-aşkar götürülsə də, mövcud dəvətnamənin olmasına və Dr. Şahiddən başqa mövzu üzrə xüsusi hesabatçıların beş müraciətinə baxmayaraq hələ yerinə yetirilməyib.[10]

İran nümayəndə heyəti 2010-cu il UDQ imkanından “insan haqları ilə bağlı vəziyyətin bəzi qərb ölkələri tərəfindən siyasi təzyiq göstərmək və sonrakı gizli siyasi motivlər üçün istifadə olunması” ilə bağlı öz mövqeyini bildirmək üçün istifadə edir. “Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formaların Ləğv Olunması üzrə konvensiyanı” (QQBALK) imzalamaq və təsdiq etmək daxil olmaqla 46 tövsiyəni və bununla bağlı olaraq İşgəncə üzrə Xüsusi Hesabatçının ölkəyə girişinə icazə verməyi rədd etdi; bu tövsiyələr arasında İranda insan hüquqları sahəsində görülən işlərin mübahisəli aspektləri ilə bağlı daha konkret ifadə olunmuş tövsiyələr var idi.[11] 2014-cü ilin sentyabr ayından etibarən, UPRIran.org internet saytının iddiasına görə, 2010 UDQ-dən edilən ya tam ya da qismən qəbul olunmuş 126 tövsiyədən ancaq beşi tam olaraq, otuzu qismən icra olunub, 81-nin icra olunması ehtimalı azdır və 10 halda isə onlar mühakimə etmək üçüm yetərli məlumatın olmadığını bildiriblər.[12] Belə görünür ki, İran, islamçı kimi görünən lakin prinsip etibarı ilə eqalitarian olan və siyasi gücü qoruyub saxlamağa hesablanmış ideoloji yanaşmasından kənar qalan mülki və siyasi haqları deyil, iqtisadi və sosial məsələlər ətrafında olan məsələləri daha yaxşı həll etmək iqtidarındadır. 2010-cı il İranın UDQ-dən qəbul etdiyi tövsiyələrə riayət etməsinin təmin edilməsi və ya rədd etdiyi məqamlarla bağlı mövqeyini dəyişməyə məcbur etməsi üçün heç bir mexanizm yoxdur.

İran ikinci UDQ-ni 2014-cü il oktyabrın 31-də, cümə günü üzərinə götürməlidir və bu, İranın 2010-cu ildə üzərinə götürdüyü sahələrdə irəliləyişi və Ruhani hakimiyyətinin BMT proseslərinə yanaşmada nə qədər dəyişikliyə səbəb olacağını qiymətləndirmək üçün bir imkandır .[13] Son bir neçə ay ərzində İnsan Haqları Şurasının üzv ölkələri qarşıdan gələn UDQ-ə hazırlıqla bağlı İranın vətəndaş cəmiyyəti və insan haqları ekspertlərindən faktlar və tövsiyələr alıb. Daha çox narahatlıq İİHQ-nin bu və əvvəlki nəşrlərində qeyd olunduğu kimi İranın get-gedə pisləşən insan haqları göstəriciləri və 2010 UDQ-də qəbul olunmuş tövsiyələrə riayət etməməsi ilə bağlıdır. Bu narahatlıqlar arasında başlıca yeri artan edamlar, dini azlıqların ittiham olunması, məlumata çıxışın və ifadə azadlığının olmaması ilə bağlıdır. İnsan haqları üzrə fəallar, beynəlxalq ictimaiyyətin və İran rəhbərliyinin İranın nüvə proqramı ətrafında apardıqları danışıqların insan haqları ilə bağlı fəaliyyətlərdən diqqəti yayındırdığı ilə bağlı narahatlıqlarını ifadə ediblər .[14] Nüvə məsələləri ilə bağlı hazırkı əməkdaşlığın və ya əməkdaşlıq görüntüsünün insan haqları kimi mövzularda danışıqların olmamasını ört-basdır ediləcəyi ilə bağlı şübhələr var, amma “İranda İnsan Haqları üçün Beynəlxalq Kampaniya” kimi bəzi fəallar insan haqları mövzusunda irəliləyişin olmamasından nüvə danışıqlarını blok etmək üçün istifadə edilə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.[15]

Burada qeyd olunan və digər yazarların bildirdiyi BMT sisteminin bütün nöqsanlara baxmayaraq, bəzən könülsüz şəkildə olsa da İran İslam Respublikası hökumətinin iştirakını təmin etməklə insan haqları məsələlərinə birbaşa təsir etmək iqtidarında olan yeganə beynəlxalq qurum olaraq qalır. Ona görə də bu sistem, İranda və ya başqa bir yerdə yerləşən (beynəlxalq) vətəndaş cəmiyyəti, diaspora üçün İRR hökumətindən öz beynəlxalq öhdəliklərinə və yerli konstitusional öhdəliklərinə görə cavabdehlik tələb etməsi üçün vacib mexanizmi təmin edir. O, həmçinin İran İslam Respublikasının əlavə BMT konvensiyalarını və könüllü seçilən protokolları və hal-hazırda qəbul etmədiyi, yeni yaranmaqda olan insan haqları normalarını qəbul etməsi üçün dövlətlər və vətəndaş cəmiyyətlərini ehtiva edən siyasi müzakirələr üçün rəsmi mexanizmləri də təmin edir. Üstəlik, İnsan Haqları Dəyərləndirməsinin bu nəşri, öz məqalələrini İranda icma səviyyəsində icrası yolu ilə əsaslandırmaqla, öz insan haqlarının pozulması hallarını İranlıların BMT-də insan haqları alətlərinin inkişaf etdirilməsi üçün istifadə üçün bir imkana malik olduğunu bildirir. Bu mədəni dəyişiklik üçün vasitə rolunu oynayır, bu isə öz müxtəlif mənşəyindən asılı olmayaraq bütün İranlılar üçün insan haqlarının davamlı yaxşılaşdırılması prosesi üçün ən etibarlı zəmin deməkdir.

Bu qiymətləndirməyə və yuxarıdakılara dəstəkçilərin irəli sürdüyü dəlil əsasında, İran İslam Respublikası aşağıdakıları nəzərə almalıdır:

  • İştirak etdiyi BMT Nizamnaməsi, sazişlər və konvensiyalar çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmək.

  • İranda İnsan haqları üzrə Xüsusi Hesabatçıya və BMT-nin xüsusi prosedurlarının digər nümayəndələrinə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mexanizmlərinin tətbiqi üçün dəvət və 2010-cu il ÜDQ-də İran İslam Respublikasının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ölkələrin öz öhdəlilərinə və beynəlxalq insan haqları qanunlarına riayət etməsini qiymətləndirmək üçün girişə icazə verməsi.

  • Üzv olduğu BMT konvensiyalarına birtərəfli olaraq “şəriət qanunları ilə uyğunluq” şərtini əlavə etmək cəhdindən əl çəkmək.

İran ilə bağlı işləyən vətəndaş cəmiyyəti qrupları aşağıdakılara baxa bilər:

  • İranın BMT nizamnaməsi və konvensiyaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri, İran ilə Qərb gücləri arasında geo-siyasi və ya ideoloji münaqişələrə girmədən yerinə yetirməyə cavabdehlik daşıması üçün münasib yolların axtarılması məqsədi ilə qlobal cənub ölkələri ilə işləmək.

  • İnsan haqlarının tədrisinə çıxışı yaxşılaşdırmaq və Avropa Maarifçiliyindən qaynaqlanmayan elementlərin başa düşülməsini yaxşılaşdırma prosesinin bir hissəsi kimi İranın ölkə daxili insan haqları müzakirələrinin tarixi əsaslarının araşdırılması.

  • İranın iştirakçısı olduğu İnsan Haqlarının Universal Bəyannaməsi və beynəlxalq konvensiyaların müddəaları barədə iranlıların təhsil almasını daha da yaxşılaşdırmaq.

  • Keçmiş insan haqlarının pozulması halları barədə təhsili və anlayışı yaxşılaşdırmaq üçün İran Tribunalının və digər təşəbbüslərin sənədləşdirmə cəhdləri barədə məlumatlılığı artırmaq.

  • Narazılıq deyil razılıq olan sahələrə daha çox diqqət yetirilməsi, BMT və digər beynəlxalq proseslərdə effektiv şəkildə iştirak üçün digər qruplarla daha geniş əməkdaşlıq etmək.

BMT və beynəlxalq ictimaiyyət aşağıdakıları edə bilər:

  • BMT-nin Narkotik və Cinayətkarlığa qarşı Mübarizə Təşkilatının maliyyə vəsaitlərinin və layihələrinin İranda narkotik qaçaqmalçılığı və istifadəsinin qarşısının alınması təşəbbüslərinin azlıqlara qarşı ayrı-seçkiliyə və ya ölüm cəzasının sayının artmasına gətirib çıxarmayan, şəffaf və hesabatcıl şəkildə idarə olunmasını təmin etmək üçün yenidən qiymətləndirilməsi

  • İran UDQ 2014 zamanı spesifik və ölçülə bilən tövsiyələr təklif edilməsi.

  • Mandat sahiblərinin və ekspertlərin şərtlər və ya məhdudiyyətlər olmadan İrana səfər etmək ehtiyacını gündəmə gətirmək.



[2] Bununla belə qeyd etmək yerinə düşər ki, regionda get-gedə artmaqda olan sünni-şiə parçalanmasında sünni tərəfini tutur, amma nəzərə almaq lazımdır ki, İordaniya adətən regional gərginliklərin həllində vasitəçi kimi çıxış edib

[3] İnsan Haqları üzrə Ali Komissarın BMT ofisi, əsas beynəlxalq insan haqları alətləri və onların nəzarət edici orqanları , http://www.ohchr.org/EN/ProfessionalInterest/Pages/CoreInstruments.aspx

[4] QQBALK ilə bağlı olaraq 7 imza atmamış dövlət var: İran, Palau, Somali, Cənubi Sudan, Sudan, Tonga, və ABŞ.

[5] BMT-nin İnsan Haqları Şurası, 1998-ci ildən bəri Xüsusi Prosedur Mandatı Sahiblərinin ölkə səfərləri və digər səfərləri, 2014-cü ilin sentyabrından etibarən , http://www.ohchr.org/EN/HRBodies/SP/Pages/CountryvisitsF-M.aspx. Bu göstərir ki, 2002-2005-ci illərdə İran fikir və ifadə azadlığı hüququ üzrə Xüsusi Nümayəndəyə, Əfqanıstanda İnsan Haqları üzrə Xüsusi Nümayəndəyə, Arbitrasiya üzrə Saxnanılma üzrə işçi qrupa, miqrantların insan haqları üzrə Xüsusi Nümayəndəyə, qadınlara qarşı zorakılıq üzrə Xüsusi Nümayəndəyə və yetərli yaşayış şəraiti üzrə Xüsusi Nümayəndəyə girişə icazə verib

[6] BMT -nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, İnsan Haqları Şurası- Hazırki üzvlük, http://www.ohchr.org/EN/HRBodies/HRC/Pages/CurrentMembers.aspx

[7] BBC xəbərləri, BMT İnsan Haqları şurasının yeni üzvləri ilə bağlı narahatlıqlar, noyabr 2013, http://www.bbc.co.uk/news/world-24922058

[8] BMT İnsan Haqları Şurası, Universal Dövrü Qiymətləndirmə mövzusunda İşçi Qrupun Hesabatı, mart 2010 (2010-cu il fevral ayında olan qiymətləndirmə sessiyası ilə bağlı February 2010- əlavə 1 kimi göstərilib), http://www.ohchr.org/EN/HRBodies/UPR/Pages/IRSession7.aspx

[9] İran hökuməti tərəfindən qəbul olunan tövsiyələrə bu nümunələr daxildir:

‘4. İşgəncənin ləğvinə diqqəti yönəltməklə, beynəlxalq öhdəliklərin və konstitusional zəmanətlərin tam icrasını təmin etmək (Avstriya);

8. “Dindən çıxma”, “cadugərlik” və “kafirlik” –in yenilənmiş cinayət məcəlləsində ağır cinayət kimi daxil edilməsinə yenidən baxmaq (Yeni Zelandiya);

33. Hüquq çərçivəsində qadınların bərabərliyini təmin etmək üçün tədbirlərin görülməsi (Çili);

41. Heç bir işgəncə, və ya digər qəddar, qeyri-insani və ya alçaldıcı münasibət və ya cəzanın olmaması üçün tədbirlərin görülməsi (Hollandiya);

58. İnternetə azad və məhdudiyyətsiz çıxışın təmin edilməsi (Niderland); ‘

[10] BMT İnsan Haqları Şurası, Xüsusi Prosedur Mandatı Sahiblərinin 1998-ci il F-M-dan etibarən ölkə səfərləri və digər səfərlər, 2014 sentyabr ayından etibarən, http://www.ohchr.org/EN/HRBodies/SP/Pages/CountryvisitsF-M.aspx

[11] İran qiymətləndirmə zamanı 45 tövsiyəni, daha sonra 2010-cu il iyun ayındakı görüş zamanı daha bir tövsiyəni rədd etdi, ümumilikdə 46 oldu. Digər 16 tövsiyə ilə bağlı olaraq nə rədd nə də qəbul bildirib . Bax BMT İnsan Haqları Şurası, UN Human Rights Council, İran İslam Respublikasının Universal Dövrü Qiymətləndirilməsi üzrə İşçi Qrupun hesabatı - Əlavə, İyun 2010, http://daccess-dds-ny.un.org/doc/UNDOC/GEN/G10/140/58/PDF/G1014058.pdf?OpenElement

[13] İranda İnsan Haqlarının Qiymətləndirilməsinin son nəşrləri ümumiyyətlə Ruhani hakimiyyətinin insan haqlarının praktikada tətbiqi ilə bağlı hər hansı dəyişiklik etməsini şübhə altına alır.

[14] Monavar Xalac, Ruhani İranın nüvə proqramı ilə bağlı razılaşma əldə edərkən insan haqları bir kənara atılıb, FT, May 2014

http://www.ft.com/cms/s/0/67ee8afa-d929-11e3-a1aa-00144feabdc0.html#axzz3GmufspYo

[15] Hadi Qaemi, İrandan gələn səslər, İyul 2014, İranda İnsan Haqları üçün Beynəlxalq Kampaniya

http://www.iranhumanrights.org/2014/07/voices/

پی دی اف دانلوود کنید
همچنین در دسترس: English فارسی کوردی